Other, pp.1-28, 2021
İqtisadiyyatın qloballaşması və bazar münasibətlərinin inkişafı bir sıra mühüm iqtisadi məsələlərin həllini, о cümlədən, istehsal və maliyyə resurslarının cəlb edilməsini və onlardan səmərəli istifadəni tələb edir. Belə bir şəraitdə maksimum mənfəət əldə etmək məqsədi ilə xərclərin azaldılması mexanizmlərindən istifadə olunmasının zəruriliyinə xüsusi önəm verilməlidir. Həmin məsələlərin həllində müxtəlif üsul, metod və qaydalardan istifadə etməklə menecmentin digər elementləri ilə yanaşı auditin və onun tərkib elementi sayılan iqtisadi təhlilin rolu yüksələn xətlə artır. “Müstəqil auditorun ümumi məqsədləri və auditin beynəlxalq audit standartlarına uyğun aparılması” adlı 200 saylı Beynəlxalq Audit Standartına əsasən, maliyyə hesabatlarının auditinin başlıca məqsədi “bütövlükdə həmin hesabatlarda müxtəlif səbəblər nəticəsində baş vermiş əhəmiyyətli təhriflərin aşkara çıxarılması ilə bağlı kifayət qədər əminlik əldə edilməsi və onların Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına müvafiq qaydada hazırlanıb-hazırlanmadığına dair auditor rəyinin bildirilməsinə imkan yaradılması” kimi şərh olunur. Maliyyə hesabatlarında əhəmiyyətli təhriflərə yol verilməsi ilə nəticələnə biləcək halların olması ehtimalını nəzərə alaraq, auditor yoxlaması peşəkar “inamsızlıq prinsipi” əsasında planlaşdırılır və həyata keçirilir.