GEOSTRATEGİYA, vol.6, no.1, pp.32-37, 2025 (Peer-Reviewed Journal)
1995-ci ilin noyabrın 12-də ilk müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir. Konstitusiyada təsbit olunan “demokratik”, ”hüquqi”, “dünyəvi” kimi anlayışlar bir dövlət quruculuğu və idarəçiliyi sistemi olaraq müasir Azərbaycan dövlətçiliyinin xarakterik xüsusiyyətlərini, səciyyəvi cəhətlərini ifadə edir. Demokratiya müasir Azərbaycan dövlətçiliyinin əsasında duran, onun mahiyyətini, xarakterini göstərən təməl prinsipidir, anlayışıdır. “Demokratiya mücərrəd anlayışdır, yəni demokratiyaya ona nəzərdə tutulan son məqsədə çatmaq üçün hansısa bir konkret çıxış nöqtəsi kimi baxmağa imkan vermir. Ona görə də demokratiya xalq hakimiyyəti ideyalarının yad, yaxud yeni olduğu məkanlarda birdən-birə həyata keçirilə bilməz. Hər bir digər nəzəriyyə kimi, o da əvvəlki stereotiplərin bütünlüklə yox edilməsini, habelə başqa davranış normaları və standartlarının formalaşması üçün vaxt tələb edir. . . Təbii ki, demokratiya yalnız demokratik inkişaf təcrübəsinin olduğu yerdə uğurla həyata keçirilir. Lakin bu mühakimə tranzit cəmiyyətlərdə demokratiyanın müvəffəqiyyətinin mümkünlüyünü əsla şübhə altına almır”