Rəqəmsallaşmanın biznesin inkişafına təsir istiqamətləri


Mahmudova V.

Rəqəmsal İqtisadiyyat: Müasir Çağırışlar və Real İmkanlar adlı III beynəlxalq- elmi konfrans, vol.5, no.1, pp.124-131, 2023 (Conference Book)

Qısa məlumat

Müasir dövrdə rəqəmsallaşma cəmiyyətin və biznesin hər sahəsinə təsir göstərir. Texnologiya artıq şəxsi və işgüzar fəaliyyətlərin əsas dayaqlarından biridir. Dünyanın aparıcı şirkətləri müştəri ehtiyaclarını daha səmərəli qarşılamaq və daxili prosesləri optimallaşdırmaq üçün texnoloji vasitələrdən geniş istifadə edirlər. Rəqəmsallaşma nəticəsində müəssisələr həm daxili komunikasiya proseslərini təkmilləşdirir, həm də müştərilərlə ünsiyyəti daha təsirli şəkildə qurmaqla bazar tələblərinə çevik reaksiya verirlər. İnformasiya texnologiyaları sənəd idarəçiliyindən tutmuş tapşırıqların icrası, marketinq fəaliyyəti, müştəri xidməti və təhlükəsizlik məsələlərinə qədər müxtəlif sahələrdə tətbiq edilir. Bu tendensiyaya Azərbaycan da qoşularaq rəqəmsal iqtisadiyyatın inkişafı, innovasiyaların tətbiqi və qeyri-neft sektorunun gücləndirilməsi istiqamətində addımlar atır. “Azərbaycan 2030” strategiyası çərçivəsində  rəqəmsallaşma bu məqsədlərə çatmaq üçün əsas istiqamətlərdən biri kimi nəzərdə tutulub.

Rəqəmsal transformasiya — şirkətlərin gündəlik fəaliyyətlərini, idarəetməsini və strategiyalarını texnologiya əsaslı sistemlərlə inteqrasiya etmə prosesidir. Bu keçidin əsasını isə, ilk növbədə, məlumatların rəqəmsal formata keçirilməsi təşkil edir ki, bu da transformasiyanın təməlini qoyur.

Rəqəmsal transformasiyaya keçid zamanı ənənəvi bizneslər üçün texnoloji tədbirlərin ardıcıl və planlı  şəkildə həyata keçirilməsi vacib əhəmiyyət daşıyır. Bu proses yalnız texnologiyanın tətbiqi ilə məhdudlaşmır, həm də düşüncə tərzinin və fəaliyyət prinsiplərinin əsaslı şəkildə dəyişdirilməsini tələb edir.

Açar sözlər: rəqəmsallaşma, informasiya sistemləri, bulud texnologiyası, kiçik və orta sahibkarlıq