"Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ini və sənədin "XXI əsrin tələblərinə uyğun təhsil, Baku, Azerbaijan, 20 - 22 April 2023, vol.1, pp.1-17, (Full Text)
Azərbaycanın müasir təhsilində əlilliyi olan bütün insanların cəmiyyətdə iştirak səviyyəsinin artırılması prosesi başlıca məsələrdəndir. Bunun üçün də inklüziv təhsilin tətbiqi və formalaşdırılması aktual məsələyə çevrilmişdir. Azərbaycanda bu yöndə addımlar 2004-cü ildən atılmağa başlanılmışdır. Azərbaycanda "İnklüziv təhsil layihəsi"nin icrasına 2005-ci ildən start verilmişdir. Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli, 20 nömrəli qərarına əsasən "Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsili"nin təşkili üzrə inkişaf proqramı təsdiq edilmişdir. “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı (2005-2009-cu illər)” çərçivəsində inklüziv təhsilin təşkili ilə bağlı UNESCOnun maliyyə dəstəyi ilə 2005-ci ildən 3 pilot layihənin icrasına başlanılmışdır. Bu proqramların icrası zamanı 268 əlil uşaq cəlb edilmişdir. UNICEF-in birgə əməkdaşlığı çərçivəsində nazirliyin müvafiq əmri ilə 2015-2016-cı tədris ilindən “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanılmışdır. Sağlamlıq imkanları məhdud şəxslərin ümumi təhsil müəssisələrində inklüziv mühitdə təhsilinin təşkili məqsədilə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” Azərbaycan Prezidentinin 2017-ci il 14 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Proqramın icrası ilə bağlı məsələlərin, hazırlanan sənəd layihələrinin, aparılan araşdırma və tədqiqatların nəticələrinin müzakirəsinin təşkili və müvafiq təkliflərin hazırlanması üçün İşçi Qrupu yaradılmışdır. Bu yöndə həm orta, həm də ali məktəblərdə müxtəlif təlimlər keçirilir, müəllimlər cəlb edilir. İnklüziv təhsil üçün yaradılan "https://www.inkluzivtehsil.az" saytı kimi internet portalları daha çox kütlənin bu işə cəlb olunmasını təmin edir. Məqalədə inklüziv təhsillə bağlı yaradılan layihələr, keçirilən təlimlər və onların əhəmiyyətindən söz açılır. Bundan əlavə, əlil uşaq və gənclərin inkişafı üçün uğurlu tədris üsulları araşdırılır.