Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri, no.İl 11, Cild 11, pp.62-76, 2023 (Peer-Reviewed Journal)
Bir çox ölkələr iqtisadi rəqabət qabiliyyətlərini artırmaq məqsədilə biliklər iqtisadiyyatını formalaşdırmağa çalışır. Bu istiqamətdə ən effektli model universitetlə sənaye arasında biliyin transferidir [1]. Universitet-sənaye əməkdaşlığından hər iki təşkilat faydalana bilir: universitetlər tədqiqat üçün önəmli statistik rəqəmlər əldə etməklə praktik əhəmiyyəti olan yeni bilik yarada bilirlər. Sənaye müəssisələri isə universitetlər ilə əməkdaşlıq etməklə istehsal yönümlü problemlərini həll etmək məqsədilə müştərək elm yönümlü tədqiqatlar reallaşdıra bilirlər [2]. Universitet-sənaye əməkdaşlığı innovasiya üçün lazımi baza formalaşdıra bilir. Dünyanın bir sıra ölkələrində universitet-sənaye əməkdaşlığına xüsusi diqqət göstərildiyindən müəyyən irəliləyişlər əldə edilmişdir. Bu sahəyə nisbətən az diqqət göstərən ölkələr isə son illərdə zəruri mühit formalaşdıraraq, universitet-sənaye əməkdaşlığını inkişaf etdirməklə daha çox fayda əldə etməyə çalışırlar. Məhz bu səbəbdən də təqdim edilən məqalənin mövzusu aktual bir sahəni əhatə etmişdir. Məqalənin əsas məqsədi universitet-sənaye əməkdaşlığının inkişaf istiqamətlərinin müəyyənləşdirilməsidir. Bu məqsədlə tədqiqatın vəzifələri kimi aşağıdakılar nəzərdə tutulmuşdur: universitet-sənaye əməkdaşlığının ölkə və hər iki təşkilat üçün faydalarının müəyyənləşdirilməsi; biliyin yaradılması və ötürülməsi kanallarının araşdırılması; araşdırmaların keyfiyyətinə təsir edən amillərin öyrənilməsi; universitet-sənaye əməkdaşlığı sahəsində dünya təcrübəsinin öyrənilməsi; ölkəmizdə innovasiya fəaliyyəti və universitet-sənaye əməkdaşlığının mövcud durumunun tədqiqi; universitet-sənaye əməkdaşlığının inkişafı məqsədilə müvafiq tövsiyələrin verilməsi. Məqalədə sistemli, müqayisəli və statistik təhlil metodlarından istifadə edilmişdir. Tədqiqatın əsas məhdudiyyəti zəruri statistik məlumatların yoxluğudur ki, nəticədə ölkəmizdə universitet-sənaye əməkdaşlığının mövcud durumu və inkişaf amillərinin elastiklik əmsallarının müəyyənləşdirilməsi məqsədilə ekonometrik təhlil metodundan istifadə edilməmişdir. Tədqiqatın aparılması zamanı çoxlu sayda beynəlxalq ədəbiyyatlardan istifadə edilmişdir.