"İqtisad Universitet" Nəşriyyatı, Baku, 2018
Ətraf mühit
bizi edən təbii mühitdir. Bu mühitdə mövcud olan təbii ehtiyatları istismar etməklə,
əmtəəyə çevirdikləri maddi nemətlərlə cəmiyyətin iqtisadi tələbatını ödəmək məqsədilə
insan, təbii mühiti bacardığı qədər istismar etməyə yönəmlidir.
XIX əsrdə
yeni bir elmi dirçəliş erasının başlanması, elm-texnologiyanın inkişafı ilə əlaqədar
ətraf mühit daha çox istismar edilərək, cəmiyyətin aqresiv təsirinə məruz
qaldı. Təbii sərvətlərdən yüz illərdən bəri kortəbii istifadə edilməsi nəticəsində,
ətraf mühit demək olar ki, dəyişməyə məruz qalmışdır. İnsanın ətraf mühitə təsirini,
təbiətin cəmiyyətin təsirinə reaksiyasını, təbii tarazlığı poza biləcək
tullantıların qatılıq həddini müəyyən etmədən, təbii mühiti həyat üçün yararlı
halda saxlamaq mümkün deyil. Cəmiyyətlə təbii mühitin vəhdəti hər şeydən əvvəl
orqanizmlə mühitin kimyəvi tərkibinin, bunlar arasında maddələr və enerji
mübadiləsinin oxşarlığı deməkdir.
İnsan üçün təbii
mühit sabit və dəyişkən amilləri ilə birlikdə yalnız təbiət demək deyildir, həm
də istehsal vasitələri və istehsal münasibətləri ilə birlikdə cəmiyyət də təbii
mühitə aiddir, çünki insanın yaşadığı təbii mühit və təbii şərait orqanizmin
yaşamasına və inkişafına təsir edir. Kapitalizmin inkişafı ilə əlaqədar olaraq,
cəmiyyətdə yeni adlar altında Maltusun, Spenserin, Freydin və b. nəzəriyyələri
yayılmağa başladı. Ekologiya, yevgenika (yəni insan nəslini bioloji yolla
yaxşılaşdırmaq haqqında nəzəriyyəsi), əhali artımı, ərzaq çatışmamazlığı
iqtisadi artım, artımın həddi ideyaları ortaya çıxdı. Maltusçulara görə Yer kürəsində
əhali həddindən artıq sürətlə artır, ərzaq məhsulları çatışmır, gigiyenaya
ehtiyac yoxdur, çünki müharibə, aclıq, xəstəlik və epidemiyalar Yer kürəsində əhalinin
sayını tənzimləyir. Cəmiyyətin güclü hissəsinin salamat qalmasına imkan verir.
Maltusçular təbii seçmə nəzəriyyəsinə əsaslanaraq bu iddia ilə çıxış edirdilər.
Təbii seçmə nəzəriyyəsinin ən əsas fərziyyəsi
təbiətdə həyat uğrunda amansız mübarizənin olması və hər canlının sadəcə özünü
düşünməsidir. Darvin bu fikri ortaya atarkən ingilis klassik iqtisadçısı Tomas
Robert Maltusun nəzəriyyələrindən təsirlənmişdi. Maltus qida mənbələrinin
riyazi ardıcıllıq ilə artdığını, insanların isə həndəsi ardıcıllıq ilə
çoxaldığını izah etmiş və ona görə insanların həyat uğrunda labüd amansız
mübarizə apardıqlarını irəli sürmüşdü. Bundan əlavə Maltus həddindən artıq əhali
artımının qıtlıq və xəstəlik kimi amillərlə tənzimləndiyini iddia etmişdi.
Darvin isə insanlar arasındakı bu həyat uğrunda amansız mübarizəni təbiətə də tətbiq
etmiş və “təbii seçmənın” bu mübarizənin nəticəsi olduğunu iddia etmişdi.
Maltusun “Mütləq əhali
sıxlığı” nəzəriyyəsinə qarşı çıxsalar da təbiətdə bioenerjinin sabit və dəyişməz
olduğunu sübut edən biofiziklər Maltusu dəstəkləmək məcburiyyətində qalaraq təbii
ehtiyatlardan səmərəli və qənaətlə istifadə etmək ideyaları ilə çıxış etməyə
başladılar. Bu qabaqcıl elmi görüşlərin formalaşmasında XIX əsrin rus
materialist fəlsəfəsinin klassikləri A.İ.Gertsenin, N.Q.Çernişevskinin,
N.A.Dobrolyubovun, D.İ.Pisarevin, böyük tənqidçi və publisist V.Q.Belinskinin,
habelə məhşur rus alimlərinin böyük bir dəstəsini təşkil edən İ.M.Seçenovun,
D.İ.Mendeleyevin və K.A.Timiryazevin çox güclü təsiri olmuşdur. Onlar özlərinin
elmi əsərlərində insan orqanizmi ilə onu əhatə edən ətraf mühit arasındakı
münasibəti materialist nöqteyi-nəzərdən istiqamətləndirdilər. Nəhayət, 1866-cı
ildə E.Hekkel tərəfindən ekoloji anlayış elmə gətirildi. E.Hekkelə görə
ekologiya elmi canlı aləmin onu əhatə edən ətraf mühitlə qarşılıqlı əlaqəsini
öyrənir. Əslində isə ekologiya cəmiyyətin təbiətə təsiri nəticəsində təbii
tarazlığın pozulmasını öyrənən elmidir.
Hal-hazırda ekologiya elminin
qarşısında duran əsas məsələlər, təbii mühitin vəziyyətinin qiymətləndirilməsi,
onun ekoloji ehtiyat və imkanlarının təyin olunması, ətraf mühitlə cəmiyyət
arasındakı qarşılıqlı əlaqələrin optimal formasını müəyyən edir.
İqtisadiyyat isə istehsal
üsullarının fərqləndirilməsi xüsusiyyətləridir. Ümumiyyətlə, iqtisadiyyat məhfumu
geniş mənada bir-biri ilə üzvi surətdə bağlı olan üç mənada işlənilir:
1.Cəmiyyətin iqtisadi özülü,
bazisi mənasında;
2.Təsərrüfat sahələrinin,
rayonların, ölkələrin bütün dünyanın iqtisadiyyatı mənasında;
3.Bütövlükdə iqtisadiyyatı və
onun ayrı-ayrı sahələrini öyrənən elm və fənn mənasında.
Ətraf mühitin iqtisadiyyatı
iqtisadiyyatın əsas sahələrindən biri olmaqla insan fəaliyyətinin mühüm aparıcı
sahısidir. O, iqtisadiyyat və ekologiya elmi arasında vasitəçilik edərək ətraf
mühitin iqtisadiyyatını və mühafizəsini tədqiq edir. İqtisadiyyat insan cəmiyyətinin
bünövrəsini təşkil edirsə, ətraf mühitin iqtisadiyyatı fənni isə təbii
ehtiyatlardan səmərəli istifadə etmək konsepsiyasını irəli sürür.
İqtisadiyyat və ekologiya elmlərindən
fərqli olaraq ətraf mühitin iqtisadiyyatı elmi təbiətdə əşyaların dinamik,
mütanənasib dövr etməsi üçün insanın təbiətə yüksək səviyyədə səmərəli təsir
üsullarını öyrənən elmidir.
İnsan fəaliyyətinin təbiətlə
sarsılmaz təməlini müəyyən edən ətraf mühitin iqtisadiyyatı elmi haqqında
insanlar müəyyən biliklərə, elmi təfəkkürə malik olmalıdırlar. Bir cəhəti
düşüncəli surətdə dərk etməliyik ki, ətraf mühitin iqtisadiyyatı, onun üzdə
görünən və görünməyən tərəflərini, keçmişini və gələcəyini az-çox düzgün dərk
etmədən, şəxsi və birgə fəaliyyətimizi iqtisadi cəhətdən düzgün qura bilmərik.
Bu baxımdan iqtisadi biliklərin əsaslarına yiyələnmək, ətraf mühitin
iqtisadiyyatı elminin qanun və kateqoriyalarını öyrənmək hamı üçün gərəkli və
faydalıdır. Bunu da qeyd etmək lazımdır ki, ətraf mühitin iqtisadiyyatı elmi
yalnız iqtisadçı və ya idarəedənlər üçün deyil, ixtisasından asılı olmayaraq
bütün vədəndaşlar və təhsil alanlar üçün çox gərəkli bilik sahəsidir.
Təqdim olunan dərslik giriş, on
altı fəsil, ədəbiyyat siyahısı və mündəricatdan
ibarətdir. Hər bir fəsil isə müvafiq olaraq ayrı-ayrı mövzuları əhatə
edir. Dərslikdə tələb olunan əsas cəhətlərdən biri orada fəsillərin, mövzuların
məntiqi ardıcıllığı, şəkil, şəkil-sxem, əlaqə qrafikləri və cədvəllərin birinin digəri ilə uzlaşması, elmi
anlayışların tədqiqinin nəticəsidir.