TOXUMLUQ DƏN ALMAQ ÜÇÜN QARĞIDALI QIÇASINI DÖYƏN QURĞUNUN KONSTRUKSİYANIN TƏKMİLLƏŞMƏ EHTİYATLARININ TƏDQİQİ


Creative Commons License

Məmmədov A.

TECHNICAL AND AGRARIAN SCIENCES INTERNATIONAL SCIENTIFIC-PRACTICAL JOURNAL, vol.11, no.4 , pp.18-29, 2024 (Peer-Reviewed Journal)

Qısa məlumat

Giriş. Respublikanın ərzaq təhlükəsizliyi proqramına əsasən daxili tələbatın keyfiyyətli qarğıdalı toxumu ilə təmin olunması prioritet istiqamət sayılır. Son illər Respublikada aparılan məqsədyönlü işlər nəticəsində ölkəmizdə qarğıdalı istehsalı 2023-cü ildə 2003-cü ilə nisbətən 2 dəfədən çox artmışdır. Dənlik qarğıdalı yığım sonrası texnologiyasında onun təmizlənməsi və dənin qıçadan ayrılması olduqca vacib prosesdir. Qarğıdalı qıçalarının yığımsonrası işlənmə və toxumluq dən almaq üçün yeni texniki təklifin işlənməsi, onların morfoloji, anatomik və fiziki-mexaniki xassələri nəzərə alınmaqla texnoloji və konstruktiv parametrlərinin təkmilləşdirilməsi olduqca aktual məsələdir.

Tədqiqatın məqsədi. Tədqiqatın məqsədi toxumluq dən almaq üçün qarğıdalı qıçasının yığımsonrası işlənmə texnologiyası, qurğusunun konstruksiyasının və texnoloji parametrlərinin əsaslandırılmasıdır.

Tədqiqat obyekti və metodikası. Tədqiqat obyekti olaraq qarğıdalı qıçaları, qarğıdalı dəni və eksperimental qarğıdalı qıçası döyən qurğu götürülmüdür. İşin yerinə yetirilməsində nəzəri və eksperimental metodlardan istifadə edilmişdir. Nəzəri tədqiqatlar klassik mexanikanın, materiallar mü-qavimətinin, analitik həndəsənin əsas müddəalarından istifadə etməklə yerinə yetirilmişdir.

Tədqiqatın nəzəri-metodoloji təhlili. Dənayıran döyücü aparatların işinə ciddi təsir göstərən əsas amillər arasında barabanla dek arasındakı ara boşluğu, işçi orqanın (barabanın, tədqiq olunan variantda isə diskin) fırlanma sürəti dekin dişlərinin düzgün seçilməsi mühüm yer tutur. Müxtəlif dənli bitkilər üçün döyücü aparatda barabanla dek arasında giriş və çıxış ara boşluğu və barabanın fırlanma tezliyinin qiymətlərinin analizi göstərir ki, qarğıdalı qıçası döyülən variantda döyücü barabanla dek arasındakı ara boşluğu taxıl bitkiləri ilə olandan bir neçə dəfə çoxdur. Girişdə və çıxışda ara boşluğunun dəyişməsi digər nöqtələrdə də ara boşluqlarının dəyişməsinə təsir edir. Bu zaman ənənəvi fırlanan baraban və tərpənməz dek cütlüyündə barabanın bitkini tutma bucağından asılı olaraq deklə arasındakı ara boşluğu da müxtəlif dərəcədə dəyişə bilir.

Tədqiqatın nəticələrinin müzakirəsi. Müəyyən edilmiş asılılıqların təhlili göstərir ki, ara boşluğu və onun dəyişmə sürəti sinusoidal asılılıqdan ibarətdir. Odur ki, ara boşluğunun tutulma bucağına görə ara boşluğunun çevrəsinin qövsü üzrə barabanaltının işçi səthini seçmək mümkün deyildir. Qeyd etmək lazımdır ki, məhz baraban və barabanaltı cütlüklü döymə maşın konstruksiyaları ilk növbədə sümbül şəklində olan məhsulun döyülməsinə hesablanmışdır. Odur ki, bunlar qıça döyülməsi üçün ciddi fərq yaradacaq cəhətinin öyrənilməsinə ehtiyac yaranır. İşçi zonada ara boşluğunun dəyişmə şərtinin təhlili göstərir ki, Rba= Ror olduqda bu sürət giriş və çıxışda bir qədər azalır. Amma işçi zonanın ortasında Z-in mütənasib şəkildə dəyişməsi halda sürətin (υZ) qiyməti bir qədər çoxdur. Bu halda ara boşluğunun orta dəyişmə sürəti çox az fərqlənir. Belə ki, barabanaltının işçi səthi ρ=αφ+b spiralı şəklində olduqda ara boşluğunun dəyişmə sürəti 11,1...13,1 mm/rad olur. Rba=Ror olduğu halda bu da orta qiymətə - 12,1 mm/rad malik olur.

Nəticə. Praktikada Rba –nın qəbul olunmuş qiymətlərində işçi zonaya daxil olan yerdə ara boşluğunun dəyişmə sürətinin kəskin şəkildə düşməsi (υZ) müşahidə olunur. Sonra isə tezliklə artır. Bu zaman ara boşluğunun dəyişmə sürətinin maksimum qiyməti Rba= Ror olduqda adidən 2 dəfə çox olur.