DETEKTİV ƏSƏRLƏRİN DİLİNDƏ DANIŞIQ-MƏİŞƏT TƏRZİNİN TƏZAHÜRÜ (Leksik vahidlər)


Creative Commons License

Əhmədova S.

LАNGUAGЕ AND LİTERATURE, no.118, pp.63-68, 2022 (Peer-Reviewed Journal)

Qısa məlumat

Dilçilikdə “danışıq dili”, yaxud “məişət dili” terminləri ilə müəyyən fərqli fikirlər olsa da, biz düşünürük ki, əsasında ümumxalq dili durduğundan və burada ədəbi dil faktoru olduğundan danışıq dilini ümumxalq dilindən ciddi fərqləndirmək lazım deyil. Lakin  ümumxalq dilinin danışıq-məişət qolunda  ədəbi dil qanunlarından kənarda qalan təzahür forması vardır ki, məqalədə  diqqəti bu cəhətə yönəltməyə çalışacağıq. Məişət-danışıq sözlərin işlədilməsində məqsəd emosional-ekspressiv çaları gücləndirməkdir. Belə ki, xalq danışıq dilində bir emosionallıq, obrazlılıq vardır”.Ona görə də tədqiqatçıların fikrincə, danışıq dilində neytral sözlərin miqdarı qismən azalır”. Detektiv əsərlərin dilində danışıq-məişət sözlərinin işlədilməsində fərqlilik vardır; Əsərlərin bəzisində cinayət-axtarış prosesinə önəm verildiyindən cinayətkarların birbaşa danışığına az yer verilir və hətta bəzilərində bu danışığa, demək olar ki, yer verilmir. Digər qisim əsərlər daha çox cinayətkarların həyatı ilə bilavasitə bağlı olduğundan, daha doğrusu, bu həyatın özü əks olunduğundan onlarda bu sahə ilə bağlı dil xüsusiyyətlərindən gen-bol istifadə edilməsi təbiidir.  Detektiv əsərlərin dilində ədəbi dildən kənar olan və mənfi məzmunlu sözlərin işlədilməsində iki əsas fərqli məqam vardır.  Bu sözlərin bəzisi real fakta aid olsa da, onların ədəbi dildə işlədilməsi məqbul hesab edilmir. “Cərənləmək,   gəbərmək, simic, ağzıyırtıq, lələş, lütləşmək,  tolazlamaq, peysər, xosunvay, yekəpər, çırpışdırmaq, kalan, mamlımatan və s. bu qəbildəndir. Bu sözlərin özlərin də işlədlməsində fərqlilik vardır; onlar, əsasən mənfi obrazın dilində işlədildiyi kimi, bəzən qarşı tərəfi səciyyələndirmək üçün müsbət obrazın da dilində işlədilir. Amma bu tip sözlərə bəzən obrazı xarakterizə etmək üçün yazıçının öz dilində də rast gəlmək olur. Detektiv əsərlərin dilində heyvan adlarının və onlara məxsus xüsusiyyətlərin insan üzərinə keçirilməsi faktı da geniş yayılan üsullardandır. “Qurd, tülkü, çaqqal, hürmək, qudurmaq” və s. kimi sözlər müvafiq insanlara münasibəti əks etdirmək üçün istifadə edilir. Az halda insana aid xüsusiyyətin digər varlıqlara şamil edildiyi faktla da rastlaşmaq olur; “keçəlləşmək” sözünün maşın təkərinə şamil edilməsi belələrindəndir. Bızi sözlər isə nominativ halda ədəbi dil faktı olmasına baxmayaraq, danışıq-məişət dilində başqa məzmunda mənfi çalarda işlənir. Beləliklə, detektiv əsərlərin dilindəki danışıq-məişət təzahürləri zəngin olub, həm də geniş işlənmə dairəsinə malikdir.