vol.9, no.2/2024, pp.138-146, 2024 (Peer-Reviewed Journal)
Tədqiqatın bu hissəsində araşdırmanın əsas hissəsi olan Azərbaycanın avtomobil nəqliyyatında texnologiyaların tətbiqinin mövcud analizi Azərbaycanda avtomobil vasitəsi ilə ikisi yük və biri sərnişin daşımalarını yerinə yetirən 3 şirkətin rəsmi mənbələri əsasında aparıldı.
Daşınmada ağıllı sistemlərin tətbiqi getdikcə həm dünyanın inkişaf etmiş ölkələrində və inkişaf etməkdə olan ölkələrdə, həm də Azərbaycan miqyasında artır.
4-cü Sənaye inqilabından sonra Amerika, Avropa, Asiya qitəsində yerləşən bir çox inkişaf etmiş (İE) və inkişaf etməkdə olan ölkələrdə (İEÖ) “Cyber-pysical” sistemləri, “Intelligent Transportation Systems” yəni, daşımada ağıllı sistemlərin tətbiqi, IoT texnologiyaları, RFID texnologiyaları, GPS texnologiyaları, daşınan yüklərin, yollarda baş verən sıxlığın ağıllı formada idarə olunması araşdırılmışdır.
Azərbaycanın nəqliyyat sektorunda daşınmalara nəzarət etmək üçün isə adları sadalan nəzarət texnologiyalarından Avropada hazırlanmış müxtəlif GPS trekerler, sensorlar, video görüntü vasitəsi ilə izləmə sistemləri və sərf olunan yanacağın həcmini ölçən datçiklər istifadə olunur. Beləliklə, əşyaların interneti (IOT) texnologiyaları və RFID texnologiyalarının istifadəsi təkmilləşdirilir.
Daşıma şirkətləri üçün nəzərdə tutulandan çox xərclərin yaranma səbəbləri aşağıdakı hallarda mövcudluğu araşdırılmışdır:
1. Avtomobilin, yük maşınının istifadəsi üçün nəzərdə tutulan yanacağın artıq sərf olunması və ya oğurluq halları;
2. Avtomobilin, yük maşınının sürücülər tərəfindən öz şəxsi mənafəleri üçün istifadə olunması, hərəkət yolunun qəsdən uzadılması;
3. Daşınma zamanı əməkdaşların laqeyd davranışları, nizam-intizam qaydalarına əməl olunmaması;
4. Bəzi firmalar tərəfindən daşınmada şəffaflığa əməl olunmadan müştərilərə artıq qiymətlərin təklif olunması;
Sadalan 4 faktorun aradan qaldırıldığı hallarda araşdırmalar daşıma şirkətləri üçün mənfi hal sayılan məsrəflərin artımının (35 faizə kimi) qarşısını almağa imkan verdiyini göstərir. Cihazlar 60% nəqliyyat vasitəsinin hərəkətsiz, boş gözləmə müddətini, 40% yanacaq xərclərini, 20% isə yürüş müddətinin azaldılmasını təmin edir.
GPS cihazları öz növbəsində aşağıdakı imkanları təqdim edir:
1. Nəqliyyat vasitələrinin hansı saatlarda hərəkət etmədiyini müəyyən etmək; məsələn, sürücünün istirahət etdiyi hallarda;
2. Nəqliyyat vasitəsinin nə zaman yola düşdüyünü müəyyən etmək;
3. Qapıların nə zaman açılıb bağlandığını təyin etmək;
4. İstifadə olunan yanacağın həcminə, nəqliyyat vasitələrinin hansı ərazilərdə hərəkətinin mümkün olmadığına nəzarət etmək;
5. 40-a yaxın göstəricilər üzrə hesabatların cihaz sayəsində əldə olunması və analiz edilməsi, beləlikdə tutum həcminə baxmayaraq vahid sistem üzrə təsnif edilərək sistemləşdirilməsi;
6. Nəqliyyat vasitəsinin hərəkət istiqamətinin müəyyən olunması və yayınma hallarının izlənilməsi, gərəkli olduğu halda mühərrikin fəaliyyətinə müdaxilə edə bilmək;
7. Sürücülərin qəza halları ilə rastlaşdığı, sürət həddinin müəyyən olunmuş səviyyədən çox olduğu, nəqliyyat vasitəsi ilə kontakt kəsildiyi və s. anlarda həmin an e-mail və yaxud telefona göndərilən mesajlar vasitəsi ilə sürücülərin məlumatlandırılması.