ADİU, Baku, 2018
Müəlliflər tərəfindən
işlənib hazırlanan “Balıq və balıq məhsullarının
texnologiyası” dərsliyi 050642 – “Qida məhsulları mühəndisliyi”
ixtisası üzrə təhsil alan tələbələrdə seçdikləri ixtisas, mühəndislik fəaliyyətinə
və peşəkar hazırlıq sahəsində tam təsəvvürün formalaşmasına yönəldilmişdir.
Məlumdur ki,
balıq – tam dəyərli heyvani zülalların, yağların, vitaminlərin, mikroelementlərin
mənbəyidir. Balıq zülallarının bioloji dəyəri
ət zülallarından az deyil və onlarla müqayisədə orqanizm tərəfindən daha yaxşı
mənimsənilir. Belə ki, insan orqanizmi 100 q ət zülalından yalnız 15 q mənimsəyirsə,
balıq zülallarında bu rəqəm artıq 40 q-dır. Balıqda,həmçinin, ana südündə
olduğu kimi çoxlu miqdarda dokozaheksaen turşusu (DHT) vardır ki, insanın beyin
toxumasında onun payına 25% yağ turşusu düşür. Buna görə də, qidalanma problemləri
üzrə ekspertlər ən azı həftədə iki dəfə hamilə qadınlara, üç dəfə süd verən
analara balıq əti yeməyi məsləhət görürlər.Uşaqlara kiçik yaşlarında balıq ətini
yeməyi öyrətmək olduqca vacibdir.
Balıq məhsullarının
istehsalı heyvani züllarla zəngin olan digər ərzaq məhsullarına nisbətən yüksək
səmərəliliyi ilə xarakterizə olunur. 1 t
balıq məhsulunun istehsalına çəkilən xərclər 1 t mal ətinə nisbətən 5 dəfə az,
1 t qoyun ətinə nisbətən 4 dəfə az, 1 t donuz ətinə nisbətən 3 dəfə az, 1 t kərəyağı
istehsalına nisbətən 8 dəfə az, 1 t heyvani yağlara nisbətən isə 4 dəfə azdır.
1 t mal ətinin istehsalına kapital qoyuluşu balıq məhsullarına nisbətən 4 dəfə
artıqdır. 1 ha balıq artırma nohurlarında yalnız təbii məhsuldarlıq hesabına
ildə 200-300 t balıq məhsulları istehsal edilə bilər, yəni bu mal-qaranın yüksəkkeyfiyyətli
təbii otlaqlarda kökəldilməsi zamanı əldə olunan ətin miqdarına bərabərdir.
Balıqların bəslənməsi zamanı məhsuldarlığı 10 dəfədən çox artırmaq mümkündür.
Azərbaycanda
balıqçılığın inkişafı üçün böyük potensial vardır. Son 5 ildə balıq və balıq məhsulları
istehlakının 21% artmasına baxmayaraq, adambaşına düşən balıq qida məhsullarının
istehlakı azalıb. Balıqçılıq və balıq emalı sənayesinin dirçəldilməsi üzrə
qarşıda bir çox işlər görülməlidir.