Biology


Babaşlı A., Məhərrəmova M., Axundova N., Qurbanova A.

Nəşriyyat-Poliqrafiya Mərkəzi, Baku, 2023

  • Nəşrin Növü: Book / Textbook
  • Nəşr tarixi: 2023
  • Nəşriyyat: Nəşriyyat-Poliqrafiya Mərkəzi
  • Çap olunduğu şəhər: Baku
  • Adres: Bəli

Qısa məlumat

Məlumdur ki, bizi gözəgörünməz mikroblardan və yaşıl bitkilərdən tutmuş Yer kürəsində olan heyvanlara qədər bütün canlılar əhatə edir. Bu və digər canlılar təkcə bizim ətrafımızda deyil, həmçinin bizim həyatımızda da mühim rol oynayır. Bitkilər qidamızı təşkil edir və bizi oksigenlə təmin edir: mikroblar ölmüş orqanizmləri parçalayır və bütün canlıların ehtiyac duyduğu materialları təkrar emal edir; həşəratlar qida üçün istifadə etdiyimiz bitkiləri tozlandırır və s. Nəhayət, bütün canlılar yaşamaq üçün başqa canlılara ehtiyac duyur. Biologiya dünyada olan bütün orqanizmlərin qarşılıqlı münasibətini araşdırmağa imkan verir. Orqanizmlər yabanı dağ çiçəyi kimi zərif və ya qorxu yaradan əzəmətli bir aslan kimi heyranedici ola bilər. Bitki, heyvan və ya mikrob olmasından asılı olmayaraq, bütün canlılar müxtəlif funksiyaları yerinə yetirən çoxsaylı hissələrdən təşkil olunub. Sadə quruluşa malik təkhüceyrəli orqanizmlərdən tutmuş mürəkkəb quruluşa malik insana kimi bütün canlılar hərəkət edir, qidalanır, tənəffüs edir, enerji əldə edir və ifrazat məhsulları əmələ gətirirlər.

Biologiya- həyatın sirlərini açmaq üçün lazım olan açardır. Onun vasitəsilə, hətta, təkhüceyrəli orqanizmlərin də mürəkkəb bir quruluşa malik olduğunu müəyyən edə bilərik. Biologiya, həmçinin materialların yerini dəyişdirməyə, bədən quruluşumuzu saxlamağa, siqnallar göndərməyə, bizi qida və enerji ilə təmin etmək, müdafiə etmək qabiliyyətinə malik bədənimizin nə qədər möcüzəvi bir maşın olduğunu dərk etməyə kömək edir.

Biologiya elmi insanların öz həyati problemlərini həll etmək üçün yollar axtarması ilə yaranmış və insan cəmiyyəti ilə birlikdə inkişaf etmişdir. Bu problemlərdən ən birincisi qidanın əldə edilməsi idi. İnsan orqanizminin öyrənilməsi də ilkin problemlərdən biri olub. Lakin biologiyanın əsas nailiyyətləri yalnız qida məhsullarının artırılması və tibb elminin uğurları ilə məhdudlaşmadı. Zaman keçdikcə bu elmin insan orqanizminin quruluşunu, fiziologiyasını öyrənən sahələri ilə yanaşı, təfəkkürün yaranmasını, insanın ictimai həyat tərzini öyrənən didər sahələri də meydana gəldi.

Bizim dövrümüzdə biologiya elmi təbiətdə baş verən proseslərin öyrənilməsi və cəmiyyətin inkişafı naminə istifadə edilməsi üçün zəruri biliklərin mənbəyinə çevrilmişdir. Müasir biologiya elmi insan, onun sağlamlığı, sosial mahiyyəti, psixoloji xüsusiyyətlərinə aid həyati əhəmiyyəti olan ən vacib bilik və bacarıqları, insan və təbiət münasibətlərini əhatə edir. İnsan təbiətin tərkib hissəsi və onun təkamülünün məhsuludur. Təbiətdə baş verən bütün hadisələr birbaşa insana təsir edir. Müasir dövrdə bu hadisələr saysız-hesabsız, onların yaratdığı təsirlər isə ölçüyəgəlməz dərəcədə böyükdür. Bu baxımdan, müasir biologiyanın qarşısında çoxsaylı problemlərin həlli yollarını tapmaq vəzifəsi durur. Əsrin yeni yaranan infeksion və genetik xəstəliklərin qarşısının alınması, effektiv peyvəndlərin hazırlanması, əhalinin qida məhsulları ilə təmin edilməsi, su mənbələrinin, atmosfer havasının təmiz saxlanması, torpaqların eroziyadan qorunması, meşələrin məhv edilməsinin qarşısının alınması və s. bütün bunlar dövrü­müzün aktual problemləri olub, biologiya elminin araşdırdığı məsələlərdir.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, əminliklə demək olar ki, biologiyanın həyatımızda, gələcək nəslin maariflənməsi və tərbiyəsindəki rolu, ilk baxışda göründüyündən daha böyükdür. Biologiya gələcəyin elmidir. Biologiya - təbiətlə insanın harmoniyada yaşamasının açarıdır. Bu açardan nəinki müasir sivilizasiyanın inkişafı, həm də insanlığın mövcudluğu asılıdır. Yalnız bu sahənin biliklərinə əsaslanaraq insanların təbiətlə ehtiyatlı və anlayışlı münasibətinə, onun qanunauyğunluqlarına əməl edilməsi sayəsində planetimizin çiçəklənməsinə nail olmaq mümkündür. İnsanın bir şəxsiyyət kimi formalaşmasında, dünyagörüşünün genişlənməsində və özünüin­ki­şafında biologiya fənninin müstəsna rolu və yeri var. Biologiya insanın təbiətlə ünsiyyətində və cəmiyyətə inteqrasiyasında əsas təkanverici vasitədir və onun ətraf aləmə qayğı ilə, qoruyucu və bərpaedici yanaşmasını təmin edir.