Konstitusiya və Suverenlik ili çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunur AZƏRBAYCAN RESPUBLĠKASINDA DÖVLƏT QURUCULUĞU PROSESĠ VƏ AKTUAL PROBLEMLƏRĠ RESPUBLĠKA ELMĠ KONFRANSI , vol.6, pp.17-22, 2025 (Conference Book)
Elm, təhsil, mədəniyyət və informasiya siyasəti bir-biri ilə sıx bağlı olub, müstəqil dövlətin formalaşması və möhkəmlənməsində əsas strateji istiqamətlərdən sayılır. Elm və təhsil sistemi yüksək ixtisaslı, yaradıcı düşüncəli insan kapitalının formalaşmasına şərait yaradır, mədəniyyət milli kimliyin, mənəvi dəyərlərin və vətəndaş həmrəyliyinin qorunmasında mühüm rol oynayır. İnformasiya siyasəti isə cəmiyyətdə şəffaflığın təmin edilməsinə, dövlət və ictimai institutlar arasında qarşılıqlı əlaqənin möhkəmlənməsinə xidmət edir. Bu sahələrin dövlət siyasətində prioritetləşdirilməsi Azərbaycanın müstəqilliyinin, suverenliyinin, konstitusiya quruluşunun və ərazi bütövlüyünün möhkəmlənməsinə yönəlmişdir. Müasir dövrdə dövlət quruculuğunun əsas məqsədi yalnız siyasi idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi deyil, həm də insan kapitalının və milli kimliyin möhkəmləndirilməsidir. Elm, təhsil, mədəniyyət və informasiya siyasəti bu məqsədlərin həyata keçirilməsində əsas vasitələrdir. Dövlətin gücü onun iqtisadi potensialı ilə yanaşı, intellektual səviyyəsi və mənəvi dəyərləri ilə də ölçülür (Əhmədov, 2023). Azərbaycan Respublikasında bu sahələr müstəqillik illərindən etibarən dövlət siyasətinin prioritet istiqamətləri kimi müəyyən edilmişdir. Heydər Əliyev ideyaları əsasında formalaşan elm və təhsil siyasəti, milli mədəniyyətin qorunması və müasir informasiya sistemlərinin yaradılması ölkənin dayanıqlı inkişafına mühüm töhfə vermişdir (―Heydər Əliyev və Azərbaycanda vahid elm-təhsil siyasətinin təməlləri‖, 2010). Elm istənilən müasir dövlətin intellektual dayağıdır. Elmi inkişaf olmadan nə iqtisadi, nə də sosial tərəqqidən danışmaq mümkündür. Azərbaycanda elm sahəsində həyata keçirilən islahatlar, xüsusilə Azərbaycan Milli Elmlər Akademiyasının struktur yenilənməsi, fundamental və tətbiqi elmlərin inteqrasiyasını gücləndirmişdir. Elmin dövlət siyasətində rolu təkcə elmi nəticələrin əldə olunması ilə bitmir; o, dövlətin strateji qərarlarının elmi əsaslarını formalaşdırır. Bu baxımdan, Azərbaycan Respublikasında ―Elm haqqında‖ Qanunun qəbul edilməsi mühüm mərhələ olmuşdur. Qanun elmi fəaliyyətin hüquqi bazasını möhkəmləndirərək elmi potensialın iqtisadi və sosial inkişafla əlaqələndirilməsini təmin etmişdir.