Tədqiqlər, no.1-2, pp.77-84, 2020 (Peer-Reviewed Journal)
Tarix boyu frazeologizmlərin yaranıb inkişaf etməsinə, araşdırılmalara cəlb olunmasına baxmayaraq, ümumi dilçilikdə, türkologiyada, eləcə də müasir Azərbaycan dilinin tədqiqində frazeologiyadan leksikologiyanın bir sahəsi kimi söz açılmışdır. Müasir dil dərsliklərində belə dilin lüğət tərkibinə daxil olan bütün söz, termin və frazeologizmlərin toplusu leksika adlanır. Leksikologiyanın əsas tədqiqat obyekti sözdür, yəni leksikologiya söz haqqında elmdir. Müasir Azərbaycan dilinin lüğət tərkibinə danışıqda rol oynayan bütün sözlər və frazeoloji vahidlər daxildir. Dilçilikdə sözün bütün qrammatik formaları və mənalarının toplusu leksem adlanır. Leksikologiya dilin lüğət tərkibinin, hər şeydən əvvəl, dilxarici, ictimai-tarixi amillərlə şərtlənən tərəfini öyrənir. Leksikologiyanın tərkib hissəsini təşkil edən frazeologiya bölməsində frazeoloji vahidlərin əmələ gəlməsi, inkişafı və istifadə yollarından danışılır. Dildə mövcud olan bütün sabit söz birləşmələrinin məcmusu frazeologiya adlanır. Bu birləşmələr qeyri-sabit, daha doğrusu, qrammatik birləşmələrin əsasında əmələ gəlir. Frazeologiyanı ayrıca bir dilçilik sahəsi kimi öyrənmək üçün malik olduğu dil kateqoriyalarına əsaslanmaq lazımdır. Məqalədə frazeoloji vahidlərdən ətraflı şəkildə bəhs edilir. Frazeoloji vahidləri təşkil edən komponentlər bütövün hissələri olub, öz aralarında sıx bağlılığa malikdir. Həm də çox zaman bu komponentlər sabit mövqedə dururlar. Məqalədə frazeoloji vahidlərin əsas xüsusiyyətləri də araşdırılır. Frazeoloji vahidlərin bir çox xüsusiyyətləri var. Frazeoloji vahidlərin funksional xüsusiyyətlərinin obyektiv tədqiqi əslində onların daxili forması və semantik bütövlüyü ilə bağlıdır. Frazeologizmin daxili formasını öyrənmədən, ona xüsusi diqqət yetirmədən modelləşmədən danışmaq mümkün deyildir. Frazeoloji vahidin struktur-semantik modelləri isə öz növbəsində onun mahiyyətinin tam açılmasına imkan yaradır. Frazeoloji vahidlərin bəziləri eyni leksik tərkibli sərbəst söz birləşməsi kimi parçalana bilər. Frazeoloji vahidlərin məna növlərindən də ətraflı bəhs edilir. Frazeoloji vahidləri semantik bütövlük dərəcəsinə görə növlərə bölünür: qovuşma, uyuşma, birləşmə. Məqalədə frazeoloji vahidlərin araşdırılması zamanı frazeoloji vahidlərin inkişaf yoluna da nəzər yetirilir.
Açar sözlər: Açar sözlər: dilçilik, frazeoloji vahid, frazeologizm, sabit söz birləĢməsi, idiom.