Filologiya məsələləri, no.12, pp.256-264, 2021 (Peer-Reviewed Journal)
Müasir dövrdə texnikanın inkişafı, qloballaşma meyilləri iş sahələrini
artırmaqla yanaşı, insan davranışlarına, münasibətlərə yeni yön verməkdədir. Bundan
qaynaqlanaraq mental dəyərlərimizdə də dəyişikliklər öz əksini tapır. Ailədən gələn
tərbiyə məktəbdə, universitetdə, iş kollektivində formalaşmağa başlayır. Bu mühitləri
müqayisə etsək, görərik ki, insan əmək kollektivindən öncə mövcud olduğu
mühitlərdə daha sərbəst və azaddır. İşgüzar münasibətlərdə isə həm işə, həm
kollektivə qarşı sərgilənən davranışlar birbaşa insanın özünə təsir göstərir. Buna görə
də, işgüzar münasibətlərdə ailədən gələn tərbiyə, xarakterlə yanaşı, insanın
formalaşdığı mühit də önəmli amilə çevrilir.
İnsanda cilalanan xarakterlər onun adına müsbət və ya mənfi təsir göstərə bilər.
Bu da işgüzar münasibətlərə birbaşa təsir edir. Bu baxımdan işgüzar münasibətlərdə
etik normaları bilmək vacibdir. Əgər insan işində uğur qazanmaq istəyirsə, mədəni
etiketlərin "qızıl" qaydalarını bilməlidir.
İşgüzar münasibətlərdə işgüzar ünsiyyətin düzgün qurulması əsasdır. İşgüzar
ünsiyyət zamanı qarşılıqlı əlaqələrin məqsədi əməkdaşlığın qurulması ilə yanaşı,
hansısa məsələnin reallaşması, problemin həllini və başqa məsələləri təşkil edir.
İlk növbədə işçi və ya rəhbər danışıqda elə ifadələr seçməlidir ki, onlar rəsmi
normalar çərçivəsində olsun, eyni zamanda nəzakət qaydalarını özündə cəmləsin.
Əməkdaşlar işgüzar ünsiyyət zamanı dinləmə bacarığına malik olmalı, qarşısındakını
səbirlə dinləməli, onun sözünü kəsməməlidir. İnsan işində məsuliyyətli və dəqiq,
kollektivlə işləmə bacarığına malik olmalıdır. İş prosesində geyim mədəniyyətini
bilmək də vacib şərtlərdəndir. Hər bir işin və ya iş məclislərinin özünəməxsus
geyimləri olur.
Məqalədə işgüzar münasibətlərdə vacib olan etik normalar haqqında ətraflı
məlumatlar verilib. Burada işçi-rəhbər, işçi-işçi münasibətləri təhlil edilir.
Açar sözlər: işgüzar ünsiyyət, etik norma, işçi, rəhbər, əməkdaş