Filologiya məsələləri, vol.348, no.3, pp.63-71, 2022 (Peer-Reviewed Journal)
LÜĞƏTLƏRİN
TƏSNİFATINA DAİR ELMİ-NƏZƏRİ FİKİRLƏR
Xülasə
Məqalədə lüğətlərin tipologiyasından geniş söz
açılmış, lüğətlərin tərtibi prinsipləri və quruluşu, habelə məsələyə münasibətdə
Azərbaycan və dünya dilçilərinin fikirləri şərh olunmuşdur. Leksikoqrafiya lüğət
tərtibinin nəzəri və praktik cəhətlərini özündə əks etdirir. Lüğətçiliyin əsas
vəzifəsi bu və ya başqa bir dilin söz və frazeoloji vahidlərini yığıb sistemə
salmaq, söz və ifadələrin əmələ gəlməsini, tarixi inkişafını izləmək, mənasını
izah etmək, onu aydınlaşdırmaqdan ibarətdir. Lüğət hər bir xalqın mədəniyyətinin
göstəricilərindəndir. Eyni zamanda, məqalədə
leksikoqrafiyanın mühüm bir probleminə: lüğətlərin quruluşu və tərtibi prisiplərinə
həsr olunmuşdur. Nəzəri dilçilikdə lüğətlərin tərtibi və quruluşu ilə bağlı
müxtəlif fikirlər mövcuddur. Bu barədə Azərbaycan dilçiliyində də fərqli
yanaşmalar vardır. Məqalədə həmin fikirlərin bir hissəsi müqayisəli şəkildə təqdim
edilmişdir. Həmçinin Azərbaycan filologiyasında professor Bəkir Çobanzadənin lüğətlərin tərtibi və quruluşu ilə bağlı elmi
fikirləri vurğulanmışdır. S.Cəfərovun,
A.Qurbanovun və türkiyəli alimlərdən D.Aksanın, G.Ölkərin, E.Yılmazın,
S.Baskının, o cümlədən avropalı alimlərdən Atkins, Rundell və başqalarının
mövzu ilə bağlı baxışları, fikirləri şərh
olunmuşdur. Müəllif tədris lüğətçiliyi
haqqında məlumat vermiş və göstərmişdir ki, tədris lüğətçiliyinin əsas inkişaf
istiqamətləri dilçiliyin ideyaları, tədris prosesinin ehtiyacları ilə müəyyənləşir.
Olduqca rəngarəng və çeşidliyə, məzmuna malik lüğətlər zərurətini qoruyub
saxlayır. Ensklopedik və filoloji istiqamətdə qruplaşan lüğətlərin günün tələbləri
yönündə dövrü olaraq yenilənməsinə, təkmilləşməsinə diqqət artırılması da məqalədə
vurğulanmışdır.