Bakı: “CLASS-PRİNT” MMC. 395 səh., Baku, 2023
Hər ilin əvvəlində vergi qanunvericiliyində, o cümlədən də Vergi Məcəlləsində ötən il ərzində edilən dəyişikliklər və əlavələr haqqında dəyərli tələbələrimizi məlumatlandırmağa çalışırıq. Ötən ildə də vergi qanunvericiliyində önəmli dəyişikliklər aparılmış, müəyyən yeniliklər daxil edilmişdir. Belə ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” ötən (2021-ci) ilin 3 və 27 dekabrında qəbul edilmiş dəyişikliklər Azərbaycan Respublikası qanunları ilə Vergi Məcəlləsində növbəti mərhələnin başlanğıcını qoymuşdur. Sözügedən dəyişikliklər isə bu (2022-ci) ilin yanvarın 1-də hüquqi qüvvəsinə minmişdir. Biz də bu dəyişiklikləri nəzərə alaraq, Vergi Məcəlləsində yer alan maddələri və bəndlərinə şərh və izahlar verməyi lazım bilmişik. Bu dərs vəsaitində tələbələrimizin diqqətinə çatdırılan praktiki misallar verilən izah və şərhlərin tələbələrimiz tərəfindən daha dəqiq və rahat anlaşılmasına, eləcə də vergi yaddaşının gücləndirilməsinə yaxşı töhfə verəcəyinə əminik. Həmçinin qeyd edək ki, bu dərs vəsaitində müxtəlif dəyişiklikləri əhatə edən xeyli misallar diqqətə çatdırılır. Edilən dəyişikliklər və əlavələrlə bağlı qanunvericilikdə nəzərdə tutulan keçid müddəaların da izahı verilir.