Filologiya məsələləri, no.10, pp.147-153, 2022 (Peer-Reviewed Journal)
Bu məqalə elliptik söyləmlərin struktur-semantik xüsusiyyətlərinin öyrənilməsinə həsr edilmişdir. Məqalədə ellipsis anlayışına yanaşmaların sistemləşdirilməsi təqdim edilmişdir. Ellipsis təbiətinə görə mürəkkəb hadisə kimi təbii dilin sintaktik sistemində xüsusi yer tutur. Məqalədə elliptik cümlə probleminin həll edilməsi sintaksis elminin ən aktual məsələlərindən biri hesab edilir. Qeyd olunur ki, elliptik cümlələrin öyrənilməsində ən mühüm məsələlərdən biri onların struktur və semantik planlarda tamlığı və natamamlığı məsələsidir. Məqalədə həm də elliptik cümlələrin əsasən şifahi dialoji nitq üçün xarakterik olduğu qeyd edilir. Yarım-çıq (formal cəhətdən yarımçıq, lakin mənası kontekst, situasiya və ya intonasiya vasitəsilə təmin edilən cümlələr) və elliptik cümlələr arasındakı fərqlərdən danışılır.
Məqalədə göstərilir ki,elliptik cümlələr müstəqil işlədilə bilən xüsusi cümlə tipidir, onların spesifik cəhəti kontekstdə xatırlanmayan, yəni məna baxımından məlumatın ötürülməsi üçün zəruri olmayan feili xəbərin olmamasıdır.Elliptik cümlələr replika və dialoqlara xas olan, bir yaxud bir neçə üzvü çatışmayan,kontekstdə tam cüttərkibli cümlələrə uyğun gələn natamam cümlələr kimi təsvir edilir.Onların çatışmayan üzvləri kontekst və situasiyadan bərpa edilə bilir. Kommunikativ-semantik strukturun formalaşmasına şifahi nitqin baş verdiyi mühitin, jestlərin, nitqin tempinin, intonosiyanın və digər amillərin təsiri olduğundan əsasən yarımçıq cümlələrdən istifadə olunur.Qeyri formallıq, səmimi ünsiyyət kimi amillər ifadələrə qənaət etməyə, mənanı anlamq üçün yetərli olan ifadələrin istifadə olunmasına imkan verir.Bu səbəblə ellipsisin öyrənilməsi bütün müasir dillərdə baş verən ünsiyyət vasitələrinə qənaət proseslərini anlamaq üçün kifayətdir.