UNEC, Baku, 2012
2011-ci il Azərbaycan Respublikası müstəqilliyinin 20-ci il dönümünü qeyd edir və qazanılan bir çox uğurlar arasında müvəffəqiyyətlə həyata keçirilən investisiya siyasəti əsas yerlərindən birini tutur. Makroiqtisadi sabitliyin və iqtisadi artımın təmin olunmasında, iqtisadi təhlükəsizlik, milli iqtisadiyyatın rəqabət qabiliyyətini təmin edilməsində, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında, bir çox sosial-iqtisadi problemlərin həllində ölkədəki investisiya durumu, investisiyaların innovasiya yönümlü olması vacib şərtlərdən biridir. İqtisadi artımı və iqtisadiyyatın tarazlı inkişafını təmin etmək məqsədilə investisiyaları iqtisadiyyatın prioritet sahələrinə yönəltmək, iqtisadiyyatın quruluşunda elm tutumlu sahələrin payını artırmaq zəruridir. Lakin bəzi hallarda investisiya resurslarının məhdudluğu iqtisadiyyatın texnoloji bazasının təzələnməsinə, müasir tələblərə cavab verməsinə imkan vermir, bu da iqtisadi geriləməyə gətirir. İnvestisiya imkanlarının, xüsusilə də innovasiya yönümlü investisiyaların artması istehsalın strukturunun dəyişən bazar konyunkturasına müvafiq olmasını təmin edir.