BIOTRANSFORMATION AND BIODESSTRUCTION WITH THE PARTICIPATION OF MICROORGANISMS


Babaşlı A.

Kövsər, Baku, 2013

  • Publication Type: Book / Textbook
  • Publication Date: 2013
  • Publisher: Kövsər
  • City: Baku
  • Azerbaijan State University of Economics (UNEC) Affiliated: Yes

Abstract

Müasir dövrdə ekoloji mikrobiologiyanın inkişaf etmiş və geniş istifadə olunan metodlarından biri-mikrobioloji kimyanın bütün proseslerini, o cümlədən, həm mikroorqanizmlərlə, həm də fermentlərlə həyata keçirilən bütün proseslərini özündə birləşdirən mikrobioloji transformasiya prosesi hesab olunur. Bu sahəyə maraq nəticəsində kimya və mikrobiologiyanın qovşağında mikroorqanizmlər vasitəsilə müxtəlif maddələrin alınması ilə məşğul olan yeni, sərbəst inkişaf edən elm sahəsi yaranmışdır. Mikrobioloji kimyanın metodları, kimyəvi yolla bir neçə mərhələdə gedən çevrilmənin bir texnoloji mərhələdə həyata keçməsinə imkan verir. Mikroorqanizmlər qeyri-təcavüzkar su mühitində, normal temperatur və təzyiqdə fəaliyyət göstərdiyindən, təbii mikrobioloji reaksiyaların həyata keçirilməsi üçün bahalı cihazlar tələb olunmur. Bu metodların indyə qədər məlum olan əsas çatışmayan cəhəti kimyəvi reaksiyalarla müqayisədə nisbətən aşağı istehsal gücünün olmasıdır. Lakin mikrobioloji və fermentativ kimyanın müasir nəailiyyətləri, yeni metodoloji yanaşmalar (immobilizə edilmiş fermentlər, fasiləsiz becərilmə, subsrtatların mikronlaşdırılması və s.) onu aradan qaldırmağa imkan verir. Bir çox mikroorqanizmlər üzvi birləşmələri, o cümlədən neft karbohidrogenlərini C-H, C-C əlaqələri ilə spirt və turşular əmələ  gətirməklə oksidləşdirmək qabiliyyətinə malikdirlər.

          Neft karbohidrogenlərinin, o cümlədən, aromatik karbohidrogenlərin, fenolların, onların halogenli törəmələrinin, poliaromatik və yüksək molekullu birləşmələrin mikroorqanizmlərlə deqradasiyasına (istifadəsinə) dair ədəbiyyat məlumatlarının analizi və sistemləşdirilməsi, mikrobioloji kimya sahəsində intensiv inkişaf prosesinin olduğunu göstərir. Mikroorqanizmlərlə həyata keçirilən yeni reaksiyalar müəyyən olunur, çevrilmə məhsullarının dairəsi daha da genişlənir, mikroorqanizmlər-transformatorlar yeni funksional qrupları əmələ gətirməyə cəlb olunurlar. Beləliklə, mikroorqanizmlərin kimyəvi və digər fəallıqlarının tədqiqi nəticəsində XIX əsrin ikinci yarısında yeni elm sahəsinin - biokimyanın yaranmasına səbəb olmuşdur. O dövrdən mikroorqanizmlərin kimyəvi fəallıqlarının öyrənilməsinə maraq sürətlə artmağa başlamışdır və hal hazırki dövrdə kimyəvi mikrobiologiya yeni elm sahəsi kimi qəbul edilir. 

          Təqdim olunan kitab mikroorqanizmlərin (bakteriyalar və göbələklərin) neft məhsullarını və karbohidrogenlərini, fenolları, onların hallogenli birləşmələrini poliaromatik və yüksək molekullu birləşmələri destruksiyaetmə qabiliyyətlərinin (oksidləşmə, parçalanma, hidroksidləşmə və s.) tədqiqinə (analizinə və sistemləşdirilməsinə) həsr edilmişdir. Bununla bərabər, həmçinin Xəzərin Azərbaycan sahillərindən mikroorqanizmlərin (bakteriya və göbələklərin) ayrılmasına və onların deqradasiya qabiliyyətinin öyrənilməsinə dair işlər də kitabda cəmlənmişdir. Ayrılmış mikroorqanizm ştammlarının xam nefti, neft məhsullarını, fərdi aromatik karbohidrogenləri, fenolları və onların hallogenli törəmələrini aktiv deqradasiya etdiyi müəyyən olunmuşdur. Tədqiq olunan ştammlar aromatik karbohidrogenlərin yan zəncirində olan alkil qruplarını oksidləşdirməklə transformasiya edirlər. Bu prosesdə transformasiya olunan substratın struktur quruluşu da mühüm rol oynayır. Aromatik karbohidrogenlərin və fenolların tədqiq olunan mikroorqanizmlərlə transformasiya məhsulları fenol, monokarbon və dikarbon turşuları və s. kimi birləşmələrin geniş spektrini əhatə edir. Bəzi fərdi aromatik karbohidrogenlərin, fenolların  mikroorqanizmlərlə deqradasiyası prosesinin öyrənilməsi istiqamətində aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, bakteriyalarla və mitselili göbələklərlə aromatik karbohidrogenlərin oksidləşməsi yan zəncirdə 15-30 gün ərzində baş verir. Bu prosesdə aromatic həlqələrin hidroksidləşməsi aralıq mərhələdə ariloksidlərin tsikloheksadienonlara keçməklə, hidrogenin molekuldaxili yerdəyişməsi ilə müşayət olunur.

          Fiziki-kimyəvi metodlarla müəyyən olunmuşdur ki, ayrılmış daha fəal mikroorqanizm ştammları ilə aromatik karbohidrogenlərin və fenolların biodeqradasiyası həm hidroksidləşmə, həm də aromatik həlqənin parçalanması ilə gedir. Tədqiqatlar nəticəsində aromatik həlqənin parçalanma məhsullarının kristal formasında dikarbon turşularının (mukon turşusu və onun törəmələri) əmələ gəldiyi  bir daha təsdiq olunmuşdur. Digər dikarbon turşularının quruluşları (aromatik həlqənin yoxluğu, ikiqat rabitənin və karboksil qrupunun əmələ gəlməsi) spektral və digər fiziki-kimyəvi analiz metodları ilə təsdiq olunmuşdur. Tədqiqatlar nəticəsində biodeqradasiya prosesində neft karbohidrogenlərinin, o cümlədən, aromatik karbohidrogenlərin, fenolların, onların halogenli törəmələrinin və alınan məhsulların inkişaf etdirilmiş xromatoqrafiya üsulları ilə analizinin nəticələri bu sahənin gələcəkdə daha da təkmilləşdirilməsi üçün perspektivlər açır.

          Müasir dövrdə mikroorqanizmlərin iştirakı ilə sintez sahəsində aparılan tədqiqatlar məqsədəuyğun hesab edilə bilər və kimyanın əsas istiqamətlərindən biri sayılır. Ayrılmış fəal mikroorqanizmlərlə neft karbohidrogenlərinin, eləcə də onların funksional törəmələrinin  deqradasiyası, çirklənmiş sahələrin xam neftdən, eləcə də neft emalı və neft-kimya  məhsullarından təmizləmək üçün biopreparatlar yaratmağa imkan verir. Qeyd etmək lazımdır ki, mikroorqanizmlərin fəaliyyəti sayəsində funksional qrupların doymuş neft karbohidrogenlərin, həm də doymamış karbohidrogenlərin (neft emalı proseslərində alınan) molekuluna daxil edilməsi və  qarşılıqlı çevrilmə proseslərinin aparılması nəticəsində kimyəvi yolla alınması çətin olan və ya heç mümkün olmayan praktiki cəhətdən əhəmiyyətli yeni birləşmələr almaq mümkündür.

          Keçən əsrin 80-ci illərindən geniş vüsət alan gen mühəndisliyi və biotexnologiyanın çoxsahəli tətbiqi sahəsində başlıca vasitə produsent sayılan mikrob hüceyrələri vasitəsilə olduqca qiymətli səthi aktiv maddələr, dərman preparatları və başqa metabolitlərin əldə edilməsində kimyəvi mikrobiologiya (və ya mikrobioloji kimya) sahəsinin inkişafını da perspektivli, tətbiqi baxımdan gərəkli saymaq olar. Dünyada neft istehsalı sənayesinin quruda və dənizdə inkişafının vətəni sayılan Azərbaycanda neft və neft mənşəli pollyutantların mikroblar tərəfindən biodeqradasiyasının kimya elmi ilə birgə araşdırılması barədə həm müəlliflər, həm də problemlə məşğul olan mütəxəssislər tərəfindən əldə edilən son nailiyyətlər ilk dəfə olaraq, oxucu auditoriyası üçün müzakirəyə təqdim olunur. Həmçinin, kitabda müxtəlif səpkili faktiki material-nəticələrin izahı ilə yanaşı, çoxsaylı yeni məsələlərədə toxunulur.