Scientific Research and Training Center on Labor and Social Problems, , no.1, pp.1-8, 2017 (Peer-Reviewed Journal)
Azərbaycan Respublikasında ardıcıl surətdə həyata keçirilən sosial siyasətin prioritetləri sırasında cəmiyyətin sürətli inkişafı üçün vacib amil olan sosial rifah səviyyəsinin yüksəldilməsi, iqtisadi tərəqqinin nəticələrinin hər bir vətəndaşın layiqli həyat tərzinin təmin edilməsinə yönəldilməsi, bütün əhalinin və xüsusilə onun sosial cəhətdən zəif təbəqələrinin maraqlarının qorunması, onların yoxsulluq səviyyəsinin azaldılması və həyat səviyyəsinin yüksəlməsinə nail olunması önəmli yer tutur. Belə ki, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına dair məqsədli proqramlar hazırlanır və həyata keçirilir, sosial cəhətdən zəif və aztəminatlı əhali qrupu sosial yardımlarla əhatə olunur. Ailələrə verilən sosial yardımlar onların istehlak nemətlərinə əlçatanlığının təmin olunmasında əhəmiyyətli rol oynayır. Odur ki, bu yardımlara olan ehtiyacın müəyyənləşdirilməsi yaranmış vəziyyətin daha da yaxşılaşdırılmasına dair adekvat tədbirlərin işlənməsinə imkan verir.