Institutional Information: Ümumi Fənlərin Tədrisinin Təşkili Departamenti, Azərbaycan Dili Kafedrası, Azərbaycan Dili
WoS Research Areas: Social Sciences (Soc)
Avesis Research Areas: Social Sciences and Humanities, Philology, Linguistics
Metrics

Publication

72

Publication (WoS)

1

Publication (Scopus)

1

Citation (Sum Other)

8

Total Citation Count

8

Open Access

19
Biography

Aybəniz Məhərrəm qızı Hüseynova 1 sentyabr 1962-ci ildə Kürdəmir rayonunda anadan olmuşdur. 1979-cu ildə Bakı şəhəri Nərimanov rayonu 82 nömrəli tam orta məktəbi müvəffəqiyyətlə bitirmişdir.

Həmin ildən əmək fəaliyyətinə başlamış, 1979–1981-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) Elmi-Tədqiqat Bölməsində laborant vəzifəsində çalışmışdır. Bu dövr onun elmi və pedaqoji fəaliyyətə marağının formalaşmasında mühüm rol oynamışdır.

1981-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinin axşam şöbəsinə daxil olmuş, ali təhsilini davam etdirmişdir. 1987-ci ildə həmin fakültəni bitirərək filoloq ixtisasına yiyələnmişdir.

1992-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) “Azərbaycan dili” kafedrasında baş laborant vəzifəsinə qəbul edilmiş, 1994-cü ildə isə həmin kafedrada müəllim vəzifəsinə təyin olunmuşdur. Bu illər ərzində pedaqoji fəaliyyətlə yanaşı, elmi axtarışlarını da davam etdirmişdir.

2000-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu və Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Birləşmiş Dissertasiya Şurasında “Azərbaycan ədəbi dilində söz yaradıcılığı” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.

2002-ci ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin “Azərbaycan dili” kafedrasında müəllim kimi fəaliyyətə başlamış, sonrakı illərdə səmərəli pedaqoji və elmi fəaliyyəti nəticəsində baş müəllim vəzifəsinə yüksəlmişdir. Hal-hazıradək ali məktəbdə Azərbaycan dilinin tədrisi, eləcə də dilçilik sahəsində elmi araşdırmalarla məşğul olmaqdadır.

Aybəniz Hüseynova uzun illər davam edən elmi və pedaqoji fəaliyyəti dövründə Azərbaycan dilçiliyinin aktual problemlərinə həsr olunmuş bir sıra fundamental elmi əsərlərin, dərslik və dərs vəsaitlərinin müəllifidir. Onun müəllifi olduğu əsərlər sırasında “Çağdaş dövrdə söz yaradıcılığı problemləri (Leksika)” adlı kitab xüsusi yer tutur. Bundan əlavə, “İşgüzar yazışmalar”, “İşgüzar Azərbaycan dili”, “İşgüzar yazışmalar (interaktiv dərs vəsaiti)” adlı dərs vəsaitləri, “Azərbaycan dili: işgüzar yazışmalar” və “İşgüzar yazışmalar” adlı dərsliklər ali təhsil müəssisələrində geniş istifadə olunur.

Alimin elmi-metodik irsinə həmçinin “Rus bölmələrində Azərbaycan dili”, “Azərbaycan dilinin leksik-semantik sistemi”, “Azərbaycan və Türk ədəbiyyatında sintaksis-semantik sistemin yeri”, “Azərbaycan dili” adlı metodik vəsaitlər daxildir. O, eyni zamanda “Dil quruculuğunun yeni mərhələsi” (II nəşr) və “Azərbaycan və Türk ədəbiyyatında leksik-semantik sistemin yeri” adlı monoqrafiyaların müəllifidir. Bu əsərlər müasir Azərbaycan dilinin leksik, semantik və funksional xüsusiyyətlərinin araşdırılması baxımından mühüm elmi əhəmiyyət kəsb edir.

Aybəniz Hüseynova respublika və beynəlxalq səviyyəli elmi konfranslarda, treninqlərdə və seminarlarda fəal iştirak etmişdir. O, İsveç, Almaniya, Türkiyə, ABŞ, Qazaxıstan və digər ölkələrdə keçirilən beynəlxalq elmi tədbirlərdə Azərbaycan dilçiliyini layiqincə təmsil etmişdir. Nüfuzlu elmi jurnallarda onun 60-dan artıq elmi məqaləsi çap olunmuşdur.

Pedaqoji fəaliyyəti dövründə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) rus bölmələrində “Azərbaycan dili” fənnini tədris etmişdir. Azərbaycan Dövlət İqtisad Universitetində isə həm azərbaycan, həm də rus bölmələrində “Azərbaycan dili və nitq mədəniyyəti”, “İşgüzar yazışmalar”, “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənlərini tədris edərək gənc mütəxəssislərin dil və ünsiyyət bacarıqlarının formalaşmasında mühüm rol oynamışdır.

Hazırda Aybəniz Hüseynova Azərbaycan Dövlət İqtisad Universitetinin “Azərbaycan dili” kafedrasında dosent vəzifəsində çalışır, elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirir.