Etibar Qasım oğlu Əliyev (1 mart 1963, Şirazlı, Vedi rayonu) — Azərbaycan Milli Məclisinin VI çağırış deputatı (2020–2024).
Həyatı
Etibar Əliyev 1 mart 1963-cü ildə Ermənistan Sovet Sosialist Respublikasının Vedi rayonunun Şirazlı kəndində doğulmuşdur. O, Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. Etibar Əliyev 1986–1991-ci illərdə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində mühəndis, 1991–1992-ci illərdə "Bakı fəhləsi" zavodunda mühəndis-konstruktor, 1992–2002-ci illərdə Təhsil Nazirliyində aparıcı mütəxəssis vəzifələrində çalışmışdır.
O, Azərbaycan və rus dillərini bilir.
Elmi fəaliyyəti
Etibar Əliyev 2004–2009-cu illərdə AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun, 2010–2020-ci illərdə Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi olmuşdur. O, fəlsəfə üzrə fəlsəfə doktorudur. 7 kitabın və 30-dan çox elmi məqalənin müəllifidir.
Siyasi fəaliyyəti
Etibar Əliyev 2010-cu ildə keçirilmiş parlament seçkilərində 31 saylı Suraxanı ikinci seçki dairəsindən Böyük Quruluş Partiyası üzvü olaraq İslahat Blokunun deputatlığa vahid namizəd olmuşdur. O, seçkilərdə 404 səs və ya 5,02% səs toplayaraq seçkiləri Milli Dirçəliş Hərəkatı Partiyası sədri Fərəc Quliyev, AXCP-Müsavat Blokunun deputatlığa vahid namizədi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, bitərəf namizəd Sevda Həsənova, Yeni Azərbaycan Partiyası üzvləri Əhəd Abıyev və Əziz Ələkbərlinin ardınca 6-cı sırada tamamlamışdır.
Etibar Əliyev 9 fevral 2020-ci ildə keçirilmiş növbədənkənar seçkilərdə 31 saylı Suraxanı ikinci seçki dairəsindən bitərəf olaraq deputatlığa namizəd olmuşdur. O, seçkilərdə 4925 səs və ya ümumi səslərin 40,7%-ni toplayaraq deputat seçilmişdir. Hal-hazırda Etibar Əliyev Milli Məclisin Gənclər və idman komitəsinin, Elm və təhsil komitəsinin üzvüdür. Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belarus, Finlandiya, İsveç, Qazaxıstan, Norveç parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
- Elektron poçt
- etibar.aliyev@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/etibar.aliyev