Tərcümeyi-hal
Mən, Xəlilov İlqar
Bəylər oğlu 01/11.1958-ci ildə Azərbaycan Respublikasının Füzuli rayonunun
Cuvarlı kəndində anadan olmuşam. 1974-cü
ildə Füzuli şəhər 1N-li orta məktəbi bitirmişəm. 1980-ci ildə ADPİ-nun
coğrafiya fakultəsini bitirib və coğrafiya müəllimi ixtisasını almışam.
1980-1982-ci illərdə Füzuli rayonunun Çəmən kənd məktəbində coğrafiya müəllimi
vəzifəsində işləmişəm.
1982-ci ildə Azərbaycan Respublikası MEA
Coğrafiya İnstitutunun əyani aspiranturasına daxil olmuşam.1983-1985-ci illərdə
Ordu sıralarında xidmət etmişəm. 1987-ci ildən 2000-ci ilədək Coğrafiya
İnstitutunun "Təbiəti mühafizə və təbii sərvətlərdən səmərəli istifadə"
şöbəsində kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində
çalışmışam. 1992-ci ildə Aşqabad şəhərindəki Səhra İnstitutunda "Gəncə şəhərində
ətraf mühitin sənaye tullantıları ilə çirklənmə prosesləri"
mövzusunda coğrafiya elmləri üzrə namizədlik dissertasiyası müdafiə
etmişəm.
2000-ci ildən etibarən Azərbaycan Dövlət
İqtisad Universitetində, “İqtisadi coğrafiya və təbiətdən istifadənin
iqtisadiyyatı” kafedrasında baş müəllim, 2007-ci ildən etibarən isə həmin
kafedranın dosenti vəzifəsində, 2012-ci ildən "Ətraf mühitin mühafizəsi və
iqtisadiyyatı" kafedrasında dosent, 2022-ci ildən etibarən isə “İctimai
idarətmə və sosial innovasiyalar” kafedranın dosenti vəzifəsində işləmişəm.
Elmi maraq dairəm ətraf mühitin
mühafizısi və iqtisadiyyatı, təbii sərvətlərdən səmərəli və təkrar istifadə,
ekoloji problemlər və onların həlli yolları,Azərbaycan Respublikasının müasir
ekoloji və iqtisadi durumu, onların optimallaşdırılması, davamlı ekoloji inkişafın təmini məsələlərini əhatə edir.Azərbaycanda
iri sənaye şəhərlərinin zərərli tullantılarının ətraf mühit komponentlərini
texnogen çirkləndirməsi, əsas çirkləndiricilər, onların yayılma arealları və
sağlamlaşdırma yolları, ərtaf mühitdən istifadənin ekoloji- iqtisadi qiymətləndirilməsi,ekoloji
təhlükəsizlik və onun təmini aspektləri və s. məsələlər üzrə də elmi məqalələr
nəşr etdirmişəm.
Elmi-pedaqoji fəaliyyətim müddətində 6 dərslik və dərs vəsaiti, 2 metodik göstəriş və metodik vəsait, 8 tədris proqramı və 80-ə qədər yerli və xarici elmi jurnallarda çap edilmiş məqalələrin müəllifi və həmmüəllifiyəm.Bunlardan “Azərbaycanın ekoloji vəziyyəti və problemləri”, "Ekologiya və ətraf mühitin mühafizəsi", “Ekoloji tədqiqat metodları”, "Təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin iqtisadiyyatı", "Azərbaycanın iqtisadi və sosial coğrafiyası", "Ekologiya", "İqtisadi coğrafiya" kimi dərslik və dərs vəsaitlərinin müəllifi və həmmüəllifiyəm. Elmi tədqiqat işlərində və məqalələrimdə irəli sürülmüş səmərəli elmi təkliflər mühüm elmi-pedaqoji və təsərrüfat əhəmiyyətinə malikdir.