Prof. Vəkil Neymət oğlu Hüseynov
1946-cı ildə anadan olub. Orta məktəbi 1962-ci ildə bitirdikdən sonra, elə həmin il Ç.ildırım adına Azərbaycan Politexnik İnstitutunun, indiki Azərbaycan Texniki Universitetinin Texnologiya fakultəsinə daxil olub. 1967-ci ilə həmin institutun "Lifli materialların ilkin emalı" ixtisasını bitirərək mühəndis-texnoloq ixtisasına yiyələnmiş və institutun "Lifli materialların texnologiyası" kafedrasında baş laborant vəzifəsində saxlanılmışdır. 1968-ci ildən isə həmin kafedrada müsabiqə yolu ilə assistent vəzifəsinə seçilmişdir.
1969-1972-ci illərdə Daşkənd Toxuculuq və Yüngül Sənaye İnstitutunun məqsədli aspiranturasında təhsil almış və 1973-cü ildə həmin institutda namizədlik dissertasiyasını müdafiə etmişdir.
1973-1979-cu illərdə Azərbaycan Politexnik İnstitutunun "Lifli materialların texnologiyası" kafedrasında assistent, sonra isə dosent vəzifəsində işləmiş və 1979-cu ildə Azərbaycan Politexnik İnstitutunun Gəncə filialına köçürülmüşdür. 1979-1981-ci illərdə filialın tədris işləri üzrə direktor müavini işləmiş və 1981-ci ildə həmin filialın bazasında yaradılmış Gəncə Texnologiya İnstitutunda "Toxuculuq və Yüngül sənaye" fakultəsinin dekanı vəzifəsinə seçilmişdir.
1981-ci ildən keçmiş Sovet İttifaqı dağılanadək SSRİ-nin Ali təhsil nazırliyinin Təhsil-metodiki komissiyasının üzvü olmuşdur.
1992-ci ildə Azərbaycan Texnologiya institutunun Elmi Şurasının qərarı ilə professor vəzifəsinə seçilmiş və 1993-cü ildə Rusiya Federasiyasının Ali Attestasiya Komissiyası tərəfindən professor diplomu almışdır.
1975-1990-cı illərdə Azərbaycan RespublikasınınYüngül Sənaye Nazirliyi nəzdində fəaliyyət göstərən " Gənc mütəxəssislərlə iş üzrə" komissiyasının üzvü olmuşdur.
1996-cı ilin sentyabr ayında Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunda müsabiqə yolu ilə "Standartlaşdırma və sertifikasiya" kafedrasında boş olan professor vəzifəsinə seçilmişdir.
1997-ci ildə isə bu institutda yeni yaradılan "Texnologiya və dizayn" fakultəsinə müsabiqə yolu ilə dekan vəzifəsinə seçilmişdir.
2000-ci ildə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutu respublikada yeni yaradılmş Azərbaycan Dövlət İqtisad Universitetinə birləşdirildiyindən o, bu universitetdə həmin fakultədə fəaliyyətini davam etdirməyə başladı.
V.Hüseynov 2000-ci ildən 2020-ci ilədək ADİU-də (UNEC-də) "Texnologiya və dizayn" fakultəsində dekan kimi fəaliyyət göstərmişdir.
1990-2005-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin " Toxuculuq və yüngül sənayesi" Elmi-metodiki şurasının üzvü olmuşdur.
Vəkil Hüseynov uzun illər respublikada hazırlanan "Toxuculuq və yeyinti sənayesi" sahələri üzrə mühəndis kadrların hazırlığında tətbiq olunan tədris planlarının və proqramlarının hazırlanması prosesində aktiv fəaliyyət göstərmişir.
V.Hüseynovun fəaliyyəti dövründə apardığı elmi-tədqiqat işləri pambığın ilkin emalı müəssisələrində texnoloji proseslərin layihələndirilməsi, hesablanması metodlarının işlənməsinə həsr olunmuşdur. O, hal-hazırda pambığın ilkin emalı müəssisələrində istehsalın kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılmaı problemlərinin həlli istiqamətində tədqiqat işləri aparır.Onun yerinə yetirdiyi tədqiqat işlərinin nəticəsində respublikada pambığın tədarükü, nəqli, saxlanması və emalı texnologiyalarının təkmilləşdirilməsində bir sıra problemlərin həllinə nail olmuşdur.
V.N.Hüseynov respblikada və keçmiş MDB məkanında keçirilən Beynəlxalq konfranslarda və simpoziumlarda iştirak etmişdir.
V.N.Hüseynovun respublikada və xaricdə nəşr olunmuş 170-dən çox elmi-metodiki əsərlərin, o cümlədən 10-dan artıq fənn proqramlarının, 7 dərsliyin, 5 dərs vəsaitinin, 3 ixtiranın və bir sıra metodiki vəsaitlərin müəllifidir.
2020-ci ilin sentyabr ayında professor Vəkil Hüseynov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Respublikanın əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür.
2021-ci ildən hal-hazıradək UNEC-in "Mühəndislik və tətbiqi elmlər" kafedrasında "məsləhətçi-professor" vəzifəsində fəaliyyətini davam etdirir.
Ailəlidir, 3 övladı və 6 nəvəsi var.
- Elektron poçt
- vakil.huseynov@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/vakil.huseynov