Kəlbiyev
Yaşar Atakişi oğlu 4 aprel 1964-cü il tarixdə Lerik rayonunun Rəzgöv kəndində
anadan olmuşdur. 1971-1978-ci illərdə Rəzgöv kənd səkkizillik məktəbində,
1979-1981-ci illərdə Lerik qəsəbəsi 1 nömrəli orta məktəbində oxumuşdur. Orta məktəbi
bitirdikdən sonra bir il Lerik rayon Kənd Kimya Birliyində fəhlə işləmişdir.
1982-ci
ildə M. Əzizbəyov adına Neft və Kimya
İnstitutunun mühəndis-iqtisad fakültəsinə daxil olmuş, 1989-cu ildə isə
həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir.
1983-1985-ci
illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur.
İnstitutu
bitirdikdən sonra M.Əzizbəyov adına Neft və Kimya İnstitutunda stajçı-tədqiqatçı və mühəndis vəzifələrində
çalışmış və 1991-1993-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasının əyani
şöbəsinin aspiranturasında təhsilini davam etdirmişdir. 1994-1995-ci illərdə Azərbaycan
Dövlət Neft Akademiyasının «Maşınqayırma sənayesinin iqtisadiyyatı və idarə
edilməsi» kafedrasının assistenti vəzifəsində çalışmışdır. 1995-1999-cu illərdə
Elm və Təhsil Mərkəzi «Təfəkkur» Universitetində baş iqtisadçı vəzifəsində işləmişdir.
2000-2001-ci
illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Aparatında şöbə rəisi vəzifəsini,
2002-2013-cü illərdə Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi vəzifələrini
icra etmişdir.
2013-cü
ilin avqust ayından 2016-cı ilin iyun ayınadək
“Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun
direktoru vəzifəsində çalışmış və
2016-cı ilin iyul ayından hazırki vaxtadək “Azərsu” ASC-nin İqtisadiyyat və
uçot idarəsinin rəisi vəzifəsində fəaliyyətini davam etdirir.
2002-ci
ildən başlayaraq hazırki vaxta qədər Azərbaycan Dövlət İqtisad Universitetində
(UNEC) elmi-pedoqoji fəaliyyətini davam etdirir. 2005-ci ildən UNEC-in “Vergi və
vergiqoyma” kafedrasının 0,5 ştat əvəzçiliklə dosenti, 2008-ci ildən 2014-cü ilədək
həmin kafedranın müdiri vəzifəsini icra etmişdir. 2015-2016-cı illərdə UNEC-in
“Maliyyə və maliyyə institutları” kafedrasının 0,5 ştat əvəzçiliklə professoru
vəzifəsində işləmişdir. 2017-ci ildən hazırki vaxtadək UNEC-in “İqtisadi və
texnoloji elmlər” kafedrasının 0,5 ştat əvəzçiliklə müdiri vəzifəsində fəaliyyətini
davam etdirir.
İqtisadi
tənzimləməyə, xüsusilə də iqtisadiyyatın fiskal tənzimlənməsinə dair 110-də
artıq elmi əsərin, o cümlədən 10 kitabın (4 dərslik, 3 dərs vəsaiti və 3
monoqrafiya) müəllifi və həmmüəllifidir.
1999-cu
ildə «İnvestisiya layihələrinin təhlili metodlarının təkmilləşdirilməsi (neft və
qaz sənayesi timsalında)» mövzusunda namizədlik dissertasiyasını, 2009-cu ildə
isə «Fiskal tənzimlənməsinin makroiqtisadi problemləri və onların həlli
yolları» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Azərbaycan
Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 2010-cu
ildə ona dosent elmi adı, 2014-cü ildə isə professor elmi
adı verilmişdir.
2015-2022-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya
Komissiyasında İqtisadiyyat elmləri üzrə ekspert komissiyasının üzvü olmuşdur. 2023-2025-ci
illərdə UNEC-in nəzdində fəaliyyət göstərən 5301.01 – Daxili fiskal siyasət və
dövlət maliyyəsi, 5307.01 – İqtisadi nəzəriyyə, 5308.01 – Ümumi iqtisadiyyat və
5312.01 - Sahə iqtisadiyyatı ixtisasları üzrə iqtisad elmləri sahəsində fəlsəfə
və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün yaradılan ED
2.10 olan Dissertasiya şurasının sədri olmuşdur.
Ailəlidir. Üç övladı vardır.
- Elektron poçt
- yashar.kelbiyev@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/yashar.kelbiyev